HÖRMƏTLİ KOLLEQALAR!

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 15-17 may 2015-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresini təşkil edir. Bildiyiniz kimi, AÜDCC 9-11 may 2009-cu il tarixdə “Bakı Ürək Günləri” 1-ci Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə böyük uğurla həyata keçirmişdi. Bundan iki il sonra isə, 13-15 may 2011-ci il tarixdə “Bakı Ürək Günləri” 2-ci Beynəlxalq Konqresi uğurla həyata keçirildi. İştirakçı ölkələrin sayı 26-ya çatmışdı. 17-19 may 2013-cü il tarixdə baş tutan "Bakı Ürək Günləri" 3-cü Beynəlxalq Konqresində isə, dünyanın 38 ölkəsindən 600-ə yaxın yerli və əcnəbi mütəxəssis iştirak etmişdi.
Məhz Ümummilli Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olmuşdur. Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə olan bu konqreslərə beynəlxalq aləmin diqqətinin artması isə bizim doğru yolda olduğumuzun göstəricisidir.
Bu dəfə də Konqresin proqramının hazırlanmasında kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışırıq. Həm yerli, həm də əcnəbi mütəxəssislər ənənəvi olaraq məqalə və tezislərini elektron formada bizə göndərə biləcəklər. Bu məqalə və tezislər konqresin xüsusi kitabçasında çap olunacaq və bütün iştirakçılara paylanacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparacağımız əməliyyatların konqres salonunda canlı yayımı “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres günlərində təşkil edəcəyimiz "Maketlər üzərində femoro – popliteal bypass (bud –dizaltı şuntlama)" və "Dana ürəyi üzərində koronar anastomoz" kurslarının xüsusilə gənc həmkarlarımıza çox faydalı olacağına inanıram.
Eyni zamanda konqresimiz azərbaycanlı həmkarlarımıza dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil edəcəyimiz sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlarımız Azərbaycanımızın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri olaraq həm öz adımdan, həm də konqresin təşkilat komitəsinin üzvləri adından kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan həmkarlarımı 2015-cü ilin may ayında təşkil edəcəyimiz “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresinə dəvət edirəm.

 

Bakıda görüşmək ümidi ilə,

Dr. Kamran Kazımoğlu MUSAYEV
AÜDCC-nin sədri

 

 


 

 
© 2012 -“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi - 15-17 may 2015-ci il / www.bakuheartdays.az